Ministry of Agriculture of Azerbaijan Republic

11/09/2024 | Press release | Distributed by Public on 11/09/2024 12:54

Goranboy və Tərtərdə toxum sərgi-satış yarmarkası təşkil olunub

Goranboy və Tərtərdə toxum sərgi-satış yarmarkası təşkil olunub

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə toxum sərgi-satış yarmarkaları davam edir. Mövsümün növbəti toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı Goranboy və Tərtər rayonlarında keçirilib.

Tədbirə Gəncə-Daşkəsən iqtisadi rayonunu əhatə edən Goranboy, Daşkəsən, Göygöl, Samux rayonlarından və Qarabağ iqtisadi rayonu üzrə Tərtər, Ağcabədi, Ağdam, Bərdə rayonlarından fermerlər qatılıblar.

Ənənəvi olaraq keçirilən toxum sərgi-satış yarmarkalarında Kənd Təsərrüfatı Nazirliyinin qurumları, digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, toxum istehsalı və satışı ilə məşğul olan iri şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.

Festivallarda kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyalar, müxtəlif dənli və tərəvəz bitki sortlarının sertifikatlı toxumları iştirakçılara nümayiş olunub.

Festival çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq məhsullar sərgilənib. Sərgi bölməsində alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları nümayiş olunub.

Tədbirin açılış mərasimində çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov toxum sərgi-satış yarmarkalarının ölkənin müxtəlif bölgələrində keçirilməsinin fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparılması imkanlarını verdiyini qeyd edib.

Tədbir çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi barədə geniş məlumat verilib. Fermerlər tərəfindən yarana biləcək suallara bağlı Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları tərəfindən operativ məsləhət xidməti göstərilib.

Goranboy və Tərtər rayonlarında keçirilən festivallarda fermerlərin maarifləndirilməsi istiqamətində mütəxəssislər tərəfindən toxum və bitki mühafizə tədbirlərinə dair təlimlər keçirilib.

Goranboy rayonu Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə "Region Agro" şirkətinin mütəxəssisi Xatirə Məmmədova tərəfindən "Payız əkini öncəsi düzgün toxumun seçilməsi" və Tərtər rayonunda təşkil edilən festivalda Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisi Kənan Tapdıqlı tərəfindən "Zərərli orqanizmlərə qarşı inteqrir mübarizə üsulu və tətbiqi" mövzularında təlim keçirilib.

Tədbir çərçivəsində fermerlər üçün Kredit yarmarkası da təşkil olunub. Kredit yarmarkasında fermerlərə müxtəlif sərfəli kredit məhsulları təklif olunub və informasiya materialları təqdim edilib.

Qeyd edək ki, Aqrar İnnovasiya Mərkəzi təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkalarının Qax, Balakən, Masallı, Neftçala, Beyləqan, Şabran və Cəlilabad rayonlarında keçirilməsi nəzərdə tutulur.

Tarix: 11 Sentyabr 2024
Paylaşmaq: