Central Bank of the Republic of Azerbaijan

06/24/2024 | Press release | Distributed by Public on 06/24/2024 07:04

Mərkəzi Bankın dəstəyi ilə Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilib

Mərkəzi Bankın dəstəyi ilə Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilib

24 iyun 2024-cü il: Mərkəzi Bankın strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Bakıda sayca onuncu olan Azərbaycan Beynəlxalq Sığorta Forumu keçirilib.

İkigünlük forumda həyat sığortası və bank kanallarının birgə fəaliyyəti, avtonəqliyyat və sağlamlıq sığortaları, eləcə də iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi mühüm mövzular ətrafında müzakirələr aparılıb.

Forumun ilk günündə açılış nitqi ilə çıxış edən Mərkəzi Bankın sədri Taleh Kazımov sığorta sektorunda müşahidə edilən müsbət dinamikadan danışıb. "İqtisadi inkişafda maliyyə sektoru, xüsusilə də sığorta sektoru mühüm rol oynamaqdadır. Son illərdə sığorta sektorunda da davamlı institutsional islahatlar həyata keçirilib, infrastruktur xeyli təkmilləşdirilib və əhəmiyyətli nəticələr əldə edilib", - deyə sədr qeyd edib.

Mərkəzi Bankın baş direktoru Ziya Əliyev forumun növbəti günündə çıxış edərək sığorta sektorunda əldə olunan əhəmiyyətli nailiyyətləri diqqətə çatdırıb. "Forum sığorta sahəsində müxtəlif ölkələrin qazandıqları zəngin və uğurlu təcrübələrin mübadiləsi üçün məhsuldar və faydalı platformadır. Bu, Azərbaycanda aparılmaqda olan sığorta islahatları üçün mühüm intellektual mənbə kimi çıxış edir" - deyə Ziya Əliyev bildirib.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Sığorta Forumu yerli sığortaçılarla dünya sığortaçıların arasında işgüzar əlaqələrin daha da genişləndirilməsi və təcrübə mübadiləsi baxımından əhəmiyyətli bir platformaya çevrilib.

24.06.2024